Opera Yaradıcılığı Balet Yaradıcılığı Simfonik Yaradıcılığı Kamera - Vokal Yaradıcılığı F. Əmirov yaradıcılığı barədə fikirlər

Balet Yaradıcılığı

"MIN BIR GECƏ"

1979-cu il idi. M.F. Axundov adına Opera və Balet Teatrının zalı gurultulu alqışlardan lərzəyə gəlirdi. Buna səbəb Fikrət Əmirovun tamaşaçıların mühakiməsinə təqdim etdiyi yeni əsəri - "MİN BİR GECƏ" baletinin premyerası idi.

Baletin M.F. Axundov adına Opera və Balet Teatrında səhnələşdirilməsi Azərbaycanın və keçmiş ittifaqın musiqi mədəniyyətində məhəbbət və idrakın təntənəsini tərənnüm edən böyük bir hadisə kimi qəbul olundu.

Şərq öz zəngin mədəniyyəti, müdrik poeziyası və fəlsəfəsi ilə F. Əmirovu həmişə cəlb edirdi. 0, Sədinin, Hafizin, Ömər Xəyyamın və Şərq ədəbiyyatının dahi ustadı Firdovsinin yaradıcılığına yaxından bələd idi. Hər dəfə bu sənətkarların əsərlərini oxuyar-kən onların fikirlərinin dərinliyi, poeziyasının gözəlliyi F. Əmirovu məftun edirdi.

Şərq xalqlarının "Min bir gecə" nağıllarındakı müdrikliyi və fantaziyaları, süjetlərin, simvolların, alleqoriyaların rəngarəng müəmmalı olması musiqiçiləri dəfələrlə müxtəlif janr və formalı əsərlər yaratmağa sövq etmişdir. Etik və estetik təsir gücünə malik dolğun və incə poetik obrazları ilə müxtəlif yaşlı oxucuları sehrli aləmilə ovsunlayan Şəhrizadın nağılları dünya sərvətinə çevrilmişdir.

Fikrət Əmirov "Min bir gecə" nağıllarının mövzusuna elə bir zamanda müraciət etmişdir ki, artıq dünya dinləyiciləri Rimski-Korsakovun "Şəhrizadə"si kimi dahiyanə simfonik süitası ilə tanış idilər. Tanınmış musiqişünas Pavel Xuçuanın sözləri ilə desək, bu süjetə müraciət etmək istəyən bəstəkardan "böyük yaradıcılıq cəsarəti, yüksək peşəkarlıq, ustalıq və zəngin Şərq musiqisinin incə təbii hisslərinə malik olmaq tələb edilirdi".

Sözsüz ki, bu keyfiyyətlərin hamısı Fikrət Əmirova xas idi. 0, hamıya molum nağılları fərdi yaradıcılıq üslubunda yenidən dəyərləndirməyə, öz musiqisi ilə bunlara yeni həyat gətirəcək tam, bütöv bir əsər yaratmağa böyük uğurla müvəffəq olur.

Məhz Əmirov musiqisinin melodik gözəlliyi, bədii obrazların dolğunluğu tamaşaya həyat gücü verərək, onun yüksək bədiiliyini və humanist yönümünü müəyyənləşdirir.

"Min bir gecə" baleti aydın ideya fəlsəfi konsepsiyaya malik bir sənət əsəridir.

Bəstəkar, quruluşçu baletmeyster Azərbaycanın əməkdar incəsənət xadimi Dövlət mükafatı laureatı Nailə Nəzirova və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun birgə yaradıcılıq səyi, bütün komponentlərlə vəhdət təşkil edən çox gözəl bir sənət əsərinin yaranması ilə nəticələnmişdir. Bir daha qeyd etmək lazımdır ki, bu yaradıcılıq ittifaqı F. Əmirovun "Nəsimi", "Xəzəri fəth edənlər" baletlərində də çox uğurlu olmuşdur. Azərbaycanın tanınmış dramaturqları Maqsud və Rüstəm İbrahimbəyovlar N. Nəzirova ilə birgə maraqlı inkişaf xəttinə malik bir libretto yaratmışlar.

"Bir dəfə şahlardan biri - gənc və əzəmətli Şəhriyar öz sevimli arvadı ilə vidalaşıb ova gedir. Gözlənilmədən saraya qayıdan şah arvadını qulun ağuşunda görür. Aldanmış ər, alçaldılmış hökmdar bu rüsvayçılıqdan donub qalmış şahidlərin gözləri qarşısında arvadına divan tutur və bütün gənc qadınları edam etmək kimi dəhşətli bir fərman verir.

Nahaq yerə ölümə məhkum olunmuş qadınların yalvarışları hiddətli şahın qəzəbini söndürmür. Budur, qəzəb dünyasına - gözəllik və müdriklik daxil olur; bu Şəhrizaddır. Bu zaman sanki möcüzə baş verir. Şəhriyarın qəddar ürəyində məhəbbət hissləri oyanmağa başlayır. Ancaq o, sevsə belə, qərarını dəyişmir - Şəhrizadı ölüm gözləyir. Ağlın qəzəblə, məhəbbətin nifrətlə mübarizəsi başlayır. Şəhriyar birdən-birə təslim olmaq istəmir. Əvvəlki məhəbbət və xeyirxahlığa inamı yenidən əldə etmək üçün o, Şəhrizadın əsrarəngiz nağıllar dünyasına daxil olub min bir gecə keçirir".

"Min bir gecə" baletində hadisələr təzadlı müqayisə prinsipi əsasında qurulmuşdur. Birinci pərdədə hisslər qamması - məhəbbət, xəyanət, qısqanclıq, inamsızlıq, nifrət, yenicə oyanmağa başlayan ümid gərgin musiqi-dramaturji axında inkişaf edir. Burada səslənən məhəbbət mövzusunu tərənnüm edən vokaliz introduksiyada zərb alətlərinin ifasında çox sərt və qəzəbli səslənir; Şəhriyar və Nuridənin ayrılıq səhnəsi eyş-işrət səhnəsi ilə, Şəhriyarın monoloqu - qadınların yalvarışı, cəlladların səhnəsi ilə qarşı-qarşıya qoyulur.

Şəhrizadın xeyir və məhəbbətin gücü ilə şər qüvvələrilə mübarizəsi və qələbəsi məşhur ərəb nağıllarının poetik dünyası ilə birləşdirilərək baletin librettosunun əsas süjet xəttini, ideya – məna yükünü müəyyənləşdirmiş oldu. Nağıllarda olan əsas qəhrəmanlar - qəddar, azğın hökmdar Şəhriyar və cəsur, müdrik Şəhrizad realistik cizgilərlə verilmişdir.

Baletdə nağılların, süjetlərin, personajların sayı nağıllarda olduğundan azdır. Onlardan yalnız ekspozisiya, başlanğıc, final və üç nağıl - "Sindbad və sehrli Ruh quşu", "Ələddin və gözəl Budur" və "Əlibaba və qırx quldur" librettoya daxil edilmişdir. Bu miniatürlərin hər biri sərbəst nağıl olmaqla bərabər bəstəkara xas böyük ustalıqla monolit bir əsər şəklində təqdim olunmuşdur. Bunun nəticəsində arasıkəsilməyən vahid dramaturji xətt yaranmışdır. Şəhrizadın söylədiyi nağıllar, onun musiqi mövzusu bu üç kiçik baleti birləşdirməyə kömək edir.

Əsərin partiturası milli ruhla aşılanmış zəngin, parlaq çalarlarla dolu melodikası, lad-intonasiya, harmoniya, metro-ritmik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Rəqs ritmlərinin alovlu dinamikası, muğam-improvizasiya səhifələrinin dolğun təhkiyəsi, incə mahnı lirikası məşhur nağıllara yeni həyat vermiş oldu.

Bununla yanaşı bəstəkar musiqi dilinin bütün ünsürlərini hər bir obrazın səciyyələndirilməsinə yönəltmişdir. Burada hər bir personaj, hər bir səhnə öz müstəqil səciyyəsini almışdır. "Min bir gecə" baletinin müvəffəqiyyətində N. Nəzirovanın zəngin fantaziya, kəşf və cəsarətlə dolu xoreoqrafiyası da az rol oynamamışdır.

Baletin Moskvada, Kremlin Qurultaylar sarayında tamaşasından sonra SSRİ xalq artisti R. Struçkova Azərbaycanın müxbirinə verdiyi xüsusi müsahibəsində qeyd edirdi:

"Baletin xoreoqrafiyası yeni ideya daşıyır və istər kompozisiya, istərsə də özünəməxsus plastika sahəsində maraqlı imkanlar yaradır".

Musiqinin temperamenti, gözəlliyi və cəsarətli xoreoqrafiyası bədii tərtibatla qırılmaz vəhdət təşkil edir.

T. Nərimanbəyov yaradıcılıq fantaziyası, parlaq, diqqəti cəlb edən dekorasiyaları ilə, Şərq ornamentikası üslubunda çəkdiyi naxışlar vasitəsilə füsunkar nağıl aləmini yaratmağa nail olur.

T. Tahirovun eskizləri əsasında hazırlanmış geyimlər də öz rəng qammasına görə çox inandırıcıdır.

İki pərdə və introduksiyadan ibarət balet xeyirlə şərin mübarizəsi və xeyir qüvvələrin təntənəsinin bariz nümunəsidir.

Əsərdə həqiqətə, səmimiyyətə, ülvi məhəbbətə inamım itirən zalım hökmdara qarşı Şəhrizadın ağlı və nəcibliyi qarşı-qarşıya qoyulmuş xeyir və şərin mübarizəsi və xeyir qüvvələrinin qələbəsi göstərilmişdir.

F. Əmirov "Min bir gecə" baletində birbaşa simfonik inkişaf prinsipindən istifadə etmişdir. Rəqslər, səhnələr ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə verilmişdir. Onlar bir-birinə qarışaraq ritm-intonasiya elementləri ilə ardıcıllıq yaradırlar.

I pərdə Nuridə və Şəhriyarın dueti ilə açılır. Musiqidəki gərginlik getdikcə zəifləyir, hərəkətlər aramlaşır. Şəhriyar oxatanlarla ova gedir. Nuridə tək qalır. Onun monoloqunda əvvəlcə şikayət, tərəddüd notları səslənir. Sonra onun rəqsi daha da təsirli olur, Şəhriyarın və oxatanların mövzularının intonasiyaları ilə səsləşərək "Eyş-işrət" səhnəsinə keçir.

Bu böyük, mürəkkəb psixoloji səhnə Şəhriyarla Nuridə arasında şəxsi münaqişənin kəskinləşməsi məqsədilə yaradılmışdır. Burada bütün mövzular sürətli templə bir-birini əvəz edir. Getdikcə orkestrin polifonik fakturası mürəkkəbləşərək dinamikanın artmasına gətirib çıxarır.

Zərb alətlərinin tanış ritmləri Şəhriyarın gəlişindən xəbər verir. Qadınını qulun qolları arasında görən Şəhriyar Nuridəni öldürür və bütün gənc qadınları edam etmək qərarını verir. Qadınların yalvarışları eşidilir. Onların kədərli unison xorunda xalq matəm musiqi formaları - ağılar, oxşamaların intonasiyaları eşidilir. Nahaq yerə ölümə məhkum olunmuş qadınların yalvarışları hiddətli şahın qəzəbini söndürmür.

Təzadlı obrazlar mühitinin qarşılaşdırılması əksərən tembr xüsusiyyətləri vasitəsilə verilir.

Solo, ansambl, kütləvi səhnələr səslənmə cəhətdən biri digərinə əks olsa da, musiqi-xoreoqrafik hərəkətlərin vahid kəsişən xəttini yaradır.

İkinci pərdədəki nağılların hamısı eyni başlanğıc və sonluqla bitir. Simli və ağac nəfəs alətləri ilə verilmiş paralel kvintalarla pİllə-pillə enən asta melodiya - "gecə mövzusu" - hər nağıla bir növ giriş funksiyasını daşıyır. Hər bir nağılın sonunda təkrar olaraq "cəlladların" mövzusu, Şəhriyarın qəzəbli leytmotivi səslənir. Lakin Şəhrizad yenə də öz harayı ilə onu fikrindən döndərərək yeni nağıla başlayır.

İkinci pərdədə tamaşaçılar qarşısında nağıl süjetlərinin bütöv kaleydoskopu canlandırılır; dəniz səyyahı Sindbad və Ruh quşu, Ələddin və şahzadə Budur, Bağdad bazarının səhnələri, kələkbaz Əlibaba və qırx quldur. Bəstəkar bütün bu lakonik səhnələr üçün leytmotivlərdən geniş istifadə edir və obrazların təzadlığını vurğulayaraq, eyni zamanda əsərin dramaturji bütövlüyünə nail olur və parlaq musiqi səciyyələri yaradır. Bu mənada Şəhrizadın leytmotivi, "Məhəbbət mövzusu", "Gecə", "Eyş-işrət", "Cəlladların mövzuları" çox səciyyəvidir.

Orkestrdə tanış mövzuların intonasiyaları səslənir. Get-gedə Şəhrizadın məhəbbət mövzuları daha aydın eşidilir. Zərb alətlərinin ritmləri altında baletin bütün iştirakçıları hərarətlə rəqs edirlər.

Tamaşanın apofeozunda - nağıl personajlarından ibarət dəstə ilə əhatə olunan əsas qəhrəmanların şən rəqsində incəsənətin qələbəsi, qadın müdrikliyinin qələbəsi, gözəlliyin qələbəsi təsdiq olunur.

Baletin musiqi dilində diqqəti cəlb edən doğma Azərbaycan və həmçinin ərəb folklorundan irəli gələn intonasiya və ritmlərin üzvi sintezi Özünü aydın büruzə verir. Məhz bu sintez səmimi hisslər doğuran lirik epizodlarla dolu melodik , ahəngdar plastikanı və güclü zərb qrupu ilə dolğun səsləndirilmə ilə verilən rəqs ritmikasının təsirini yaradır.

Zərb alətləri baletin musiqisində xüsusilə əhəmiyyətli rol oynayır. Ərəb ölkələrinin folkloru ilə tanış olarkən bəstəkar qeyri-müəyyən səs yüksəklikli zərb alətlərinin ritmik müşayiətilə verilmiş alovlu dinamika ilə dolu rəqs səhnələrini müşahidə etmişdir. Melodik səslənməyə daxil olan və qəsdən kal səslənən "əl çalma" üsulu burada musiqi məğzini dələn, yeni qüvvə və dramatik hərəkətin daxil olmasını əks etdirən xüsusi vasitə, həmçinin dina-mikanı kəskinləşdirən vasitə xidməti kimi çıxış edir.

Şəhrizadın mövzusu çahargah ladına xas intonasiyalar üzərində qurulmuşdur.

İntroduksiyada bayatı-şiraz ladında heyrətamiz səslənən məhəbbət mövzusu müəyyən mənada gözəllik, məhəbbət himni təsiri bağışlayır. Mövzunun bu xüsusiyyəti finalda Özünü daha qabarıq büruzə verir.

Baletdə Şəhrizadla Şəhriyarın lirik duetlərini müşayiət edən, qaniçən Şəhriyarın qəzəbli yoldaşları - cəlladların mövzusu da dəfələrlə səslənir. Əgər məhəbbət mövzusu, ümumiyyətlə, məhəbbət duetlərinin bütün musiqisi simli və ağac nəfəs alətlərinə həvalə olunmuşsa, onlara əks olan cəlladların mövzusu bəm səsli simli alətlər (viola, violonçel, kontrabas) və litavralarla təzadlı şəkildə verilir. Tembr dramaturgiyası mənasında bu növ tapıntılar baletin musiqisində az deyil.

Vibrafonun, arfanın, ksilofonun yüksək registrlərində birgə səslənməsindən yaranan büllur çalarlar dinləyicini Şərq nağılları aləminin möcüzəsinə qərq edir. Belə bir sehrdən sonra sopranoda əsərin əsas leytobrazlarından biri, məhəbbət mövzusunun daşıyıcısı olan vokalizin səslənməsi gözlənilməz olur. Bununla da bəstə-kar "Bayatı-Şiraz" simfonik muğamında nəzərdə tutduğu xətti davam etdirərək baletə solo səslə (soprano) xorun (soprano və altolar) səslənməsini daxil edir: gərgin səslənən xor qadın oxşamasıyla qarışır, vokaliz müqəddimədə və qəhrəmanların qarşılaşdığı ilk səhnədə səslənir (onu da qeyd etmək lazımdır ki, bəstəkar baletə daxil etdiyi vokal partiyanı SSR xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova üçün yazmışdır).

F. Əmirov xalq musiqisinə əsaslanaraq folklor xəzinəsindən, onun intonasiya-ritm sistemindən, janr-obraz quruluşundan özünəməxsus tərzdə böyük ustalıqla istifadə etmişdir.

Baletin musiqisində mahnıvarı, rəqs və muğam-improvizasiya xüsusiyyətli melodiyalar və onların inkişaf prinsiplərindən ustalıqla istifadə olunması, həmçinin milli və müasir musiqi cizgilərinin vəhdəti əsərin özünəməxsus üslubunu şərtləndirir. Bəstəkarın bir çox əsərlərində olduğu kimi burada da Əmirov musiqisinin əsas ifadə komponentlərindən biri olan parlaq harmonik dil Azərbaycan lad sisteminə istinad etməklə yanaşı, eyni zamanda müasir musiqinin nailiyyətləri ilə də üzvi surətdə bağlıdır.

"Min bir gecə" baleti müəllifə ölkəmizdə də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir.

Tamaşanın iştirakçılarının birgə yaradıcılıq səyi onun bütün ünsürlərinin üzvi, təbii vəhdətini şərtləndirmiş və baletə uğur gətirmiş, geniş ictimaiyyətin rəğbətini qazandırmışdır.

İlk tamaşada M.F. Axundov adına Opera və Balet Teatrının artistlərindən: Tamilla Şirəliyeva (Şəhrizad) və R. Qriqoryev (Şəhriyar), İ. Nizaməddinova (Nuridə), R. Arifulin və R. Zeynalov (Nuridənin sevimli qulu), S. Boqdanov (Ruh quşu), A. Kurkov (Ələddin), F. Yusifova (Budur), S. Rəhmətulin (40 quldurun başçısı), V. Andreyev (Əlibaba), L. Pavliy (Mərcanə), O. Varqanov (Cadugər) çıxış etmişlər.

Tamaşaya Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı Nazim Rzayev dirijorluq etmişdir.

Balet 1979-cu ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulduqdan sonra tezliklə Moskva, Leninqrad, Tbilisi, Qorki, Novosibirsk, Dnepropetrovsk və keçmiş SSRİ-nin bir çox şəhərlərinin səhnələrində göstərilmişdir.

1980-ci il noyabrın 7-də "Min bir gecə" tamaşasının müəllifləri bəstəkar Fikrət Əmirov, baletmeyster Nailə Nəzirova, dirijor Nazim Rzayev, rəssam Toğrul Nərimanbəyov və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülmüşlər.

"Min bir gecə" baleti 1981-ci ildə M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasının ifasında Moskvada üç gün müvəffəqiyyətlə göstərilmiş, bədii ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Əsər müəlliflərin səmərəli yaradıcılıq məhsulu kimi qiymətləndirilmişdir. Hər tamaşanın sonunda Kremlin qurultaylar Sarayının böyük salonunu lərzəyə gətirən alqışlar altında bəstəkar, baletmeyster, rəssam səhnəyə qalxaraq Azərbaycan musiqisi-nə verilən bu yüksək qiymətin canlı şahidi olmuşlar.

Səhifənin hazırlanmasında Zemfira Abdullayeva və Solmaz Qasımovanın "Fikrət Əmirov" kitabının materiallarından istifadə edilib.